Menopauza nədir?
Menopauza qadın həyatında reproduktiv dövrün təbii olaraq sona çatdığı mərhələdir. Bu dövrdə yumurtalıqların hormon istehsalı (xüsusilə estrogen və progesteron,testosteron,Dhea)tədricən azalır və aybaşı (menstrual) dövrləri daimi olaraq dayanır. Menopauza ardıcıl 12 ay ərzində menstruasiyanın olmaması ilə tibbi olaraq təsdiqlənir.
Menopauza adətən 45–55 yaş aralığında baş verir, lakin bu yaş aralığı qadının genetik xüsusiyyətləri, həyat tərzi və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.
Menopauza dövrləri
Menopauza bir neçə mərhələdən ibarətdir:
- Perimenopauza: Menopauzadan əvvəlki keçid dövrüdür. Hormonal dəyişikliklər başlayır, aybaşı dövrləri nizamsızlaşa bilər.
- Menopauza: Aybaşıların tam dayanması mərhələsidir.
- Postmenopauza: Menopauzadan sonrakı dövrdür. Bu mərhələdə hormonal səviyyələr daha stabil, lakin aşağı olur.
Menopauzanın əsas əlamətləri
Menopauza hər qadında fərqli şəkildə müşahidə oluna bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:
- İsti basmalar və gecə tərləmələri
- Yorğunluq və enerji azalması
- Əhval dəyişiklikləri, stress və narahatlıq
- Yuxu pozuntuları
- Dəri quruluğu, saç tökülməsi
- Çəki artımı və maddələr mübadiləsində dəyişikliklər
- Libido azalması və vaginal quruluq